Ötən gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Barselona" - PSJ matçında(1:4) gərgin anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Xordi Alba küncdən zərbə zamanı  qonaqların hücumçusu Kilian Mbappe ilə "atışıb". Belə ki, müdafiəçi "Mənə toxunma" deyən fransalıya "Sən böyümüsən! Düşünürsən ki, hər kəsdən yaxşısan?!" cavabını verib.

Bunun ardınca Mbappe Albaya "Səni öldürərəm" deyib. Vəziyyəti görən Pike də mübahisəyə qoşularaq "Sən kimi öldürərsən?!"- deyə 22 yaşlı futbolçunun üzərinə şığıyıb.

Xordi Alba isə sonda "O, hələ balacadır, öyrənir" ifadələrini işlədib.

Qeyd edək ki, Mbappe dünənki matçda het-trik edib.