"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Barselona"nın son oyunlardakı hakim idarəçiliyi ilə bağlı narazılığına maraqlı münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu məsələyə şərh verərkən şəhər rəqibi "Real Madrid"ə də toxunmağı unutmayıb.
Simeone mətbuata açıqlamasında bu cür vəziyyətlərin onun üçün yeni olmadığını qeyd edib:
"Biz hakimlərlə bağlı bu növ şikayətlərə öyrəşmişik. Madriddə yaşayırıq, ona görə də bu tip situasiyalar bizim üçün tanışdır..."
Argentinalı məşqçinin bu sözləri, uzun illərdir İspaniya futbolunda "Real Madrid"in hakimlər tərəfindən qorunması ilə bağlı gəzən söz-söhbətlərə və "Kral Klubu"nun bu mövzudakı daimi təzyiqlərinə üstüörtülü işarə kimi qiymətləndirilib.
Xatırladaq ki, son vaxtlar "Barselona" rəhbərliyi və texniki heyəti bəzi matçlardakı qərarlardan dolayı hakim komitəsini sərt tənqid edir. Simeonenin bu "iynəli" çıxışı isə İspaniya mətbuatında böyük səs-küyə səbəb olub.


