“İlk matçın ikinci hissədəki kimi oynasaq, cavab qarşılaşmasında yaxşı nəticə əldə edə bilərik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Nyukasl"la cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

İspaniyalı müdafiəçi cavab matçı ilə bağlı fikirlərini bölüşüb: “Bakıdakı oyunun birinci hissəsində çox uğursuz, bizə yaraşmayan şəkildə oynadıq. İkinci hissə ilk yarıdakı ilə müqayisədə daha yaxşı idi. Kaş ki, ikinci hissədə mübarizə apardığımız kimi ilk yarıda da oynayardıq. Amma bu yarışın səviyyəsi hər kəsə bəllidir. Artıq bu oyunu unutmalı və cavab görüşü haqda düşünməliyik”.

Montiel “Qarabağ”da özünü yaxşı hiss etdiyini də vurğulayıb:

“Bura gələndən bəri İspaniya mətbuatına bir neçə dəfə müsahibə vermişəm. Həmişə demişəm ki, burada olduğuma görə xoşbəxtəm. Bizdən komanda üçün əlimizdən gələni etməyimiz istənilir. Komanda yoldaşlarım və mən ən yaxşısını etməyə çalışırıq”.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə “Sent Ceyms Park” stadionunda təşkil olunacaq “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.