“Hazırlığımız pis keçməyib”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:

“Əlbəttə, ilk nəticədən sonra bu oyun haqqında danışmaq asan deyil. Cavab matçına hazırlaşmaq üçün bir neçə gün vaxtımız oldu. İlk oyunda rəqib bizi demək olar ki, bütün komponentlərdə üstələdi. Cavab qarşılaşmasında isə daha diqqətli olmağa çalışacağıq. Daha mübariz və daha məsuliyyətli çıxış etməliyik.

Ümumi hazırlığımız pis deyildi. Sadəcə, ilk oyundan sonra psixoloji zərbə almışdıq və təbii ki, bu da komandanın oyununa və ümumi gedişata təsirsiz ötüşmədi”.

Qurbanov "Nyukasl"ın çətin rəqib olduğunu da vurğulayıb: "İngiltərə Premyer Liqası digələrindən fərqlənir. Orada klubların futbola yönəltdiyi məbləğlər, infrasturktur digərlərini üstələyir. Buna görə hara getdiyimizi bilirik.Bakıda uduzsaq da, futbolçularımdan cəsarət istəmişəm. Biz mütləq cəsarətli olmalıyıq. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. İndi fikrimiz "Nyukasl"la səfər görüşündədir. Oyunun gedişatına görə addımlar atacağıq. Bakıya döndükdən sonra çempionatı düşünmək üçün vaxtımız olacaq”.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.