UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununda "Benfika" Madriddə "Real"ın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, qonaqları çalışdıran Joze Mourinyo bildirib ki, “Benfika”nın “Real Madrid”i turnirdən kənarlaşdırması üçün möcüzəyə ehtiyac yoxdur, lakin bunun üçün maksimum səviyyədə çıxış etmək lazımdır.

“Biz ən yüksək səviyyədə oynamalıyıq. Hətta sadəcə yüksək yox, maksimum, demək olar ki, mükəmməllik həddinə yaxın. Mükəmməllik mövcud deyil, amma möcüzə də lazım deyil”, – deyə Mourinyo vurğulayıb.

Təcrübəli mütəxəssis “Real Madrid”in tarixə, təcrübəyə və böyük ambisiyalara malik klub olduğunu qeyd edib:

“Real Madrid – Real Madrid"dir. Tarixi, biliyi və ambisiyası var. Yeganə müqayisə edilə bilən cəhət odur ki, hər iki klub böyük klubdur. Bunun xaricində başqa oxşarlıq yoxdur. Amma futbolun gücü də buradadır və biz qalib gələ bilərik.”