Yeni klubu “Nürnberq”də zədəsini sağaltmağa davam edən Mahir Emreli sağlamlıq durumu barədə Offsideplus.az-a danışdı. 

Azərbaycan millisinin üzvü sağalma prosesi və yaşıl meydanlara qayıdacağı tarixdən söz açdı:

“Burda sağlamlığımıza çox önəm verirlər. Tez deyil, daha sağlam və hazır durumda geri dönməyimi vacib sayırlar. Düşünürəm ki, milli fasilədən sonra (10 sentyabrdan sonra) tam olaraq oyunlara başlaya biləcəm. Hələ ki, individual məşqlər ilə kifayətlənirəm. Amma gündən-günə məşq, temp, yükləmələr artır. Ayağımda heç bir reaksiyanın olmamağı normal haldır. Bu cür zədələri sağaldanda ehtiyat etmək lazımdır və klubum da buna çox önəm verir. Həmin anda – zədələnəndə bəxtim gətirdi deyə bilərəm. Amma çox şükür ki, bu gün hər şey normaldır”. 

27 yaşlı hücumçu komanda yoldaşları və baş məşqçi Miroslav Kloze ilə münasibətinin çox yaxşı olduğunu bildirdi:

“Komanda yoldaşlarım da, baş məşqçimiz də yaxşıdır. Çox dostca kollektiv var. Hər kəs bir-birinə köməklik etməyə çalışır. Mənə diqqət də yetərli qədərdir və inamlarını hiss edirəm, görürəm. Öz növbəmdə bu  güvəni doğrultmağa çalışacam. Müalicəmi tam bitirib, komanda ilə məşqlərə və oyunlara çıxmaq üçün səbrsizlənirəm”.