Almaniya futbolunun əfsanəvi qapıçısı Oliver Kan və "Bavariya"nın gənc ulduzu Camal Musiala arasında maraqlı bir polemika yaranıb.
Offsideplus.az xəbər verir ki, Kan gənc istedada yayda keçiriləcək Dünya Çempionatına getməməyi tövsiyə etsə də, Musialanın cavabı gecikməyib.
Münhen klubunun sabiq rəhbəri Oliver Kan Musialanın son dövrlərdəki fiziki yüklənməsini nəzərə alaraq, onun turnirdən imtina etməsinin daha doğru olacağını bildirib. Kanın fikrincə, Musiala yay fasiləsini tam bərpa prosesinə həsr etməli və növbəti mövsümə ən yaxşı forması ilə qayıtmalıdır.
Gənc yarımmüdafiəçi Oliver Kanın bu məsləhətinə olduqca birbaşa və qəti cavab verib. "Sky Sports"a danışan Musiala ölkəsini təmsil etmək arzusundan vaz keçməyəcəyini vurğulayıb:
"Mən mütləq Dünya Çempionatına getmək istəyirəm! Onun nə dediyini oxumamışam, amma qərarım qətidir. Hazırda bütün diqqətim "Bavariya"ya hər şeyi qazanmaqda kömək etməyə yönəlib. Yayda isə növbə öz ölkəmə kömək etməyə gələcək."
2026-cı il Dünya Çempionatı ərəfəsində Musialanın bu qətiyyəti Almaniya millisi və baş məşqçi Julian Naqelsman üçün sevindirici xəbərdir. Lakin Oliver Kan kimi təcrübəli bir ismin "zədə və yorğunluq" xəbərdarlığı, gənc futbolçunun mövsüm sonundakı fiziki vəziyyətinin ciddi şəkildə izləniləcəyinə işarə edir.
Görünən odur ki, Musiala həm klub, həm də milli səviyyədə bütün titullara iddialıdır və "istirahət" planlarını hələlik təxirə salıb.


