“Azərbaycan mötəbər bir tədbirə ev sahibliyi etdi. Fikrimcə, təşkilatçılıq yüksək səviyyədə baş tutdu”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz deyib.

O, ölkəmizin III MDB oyunlarında çıxışını dəyərləndirib:

“Basketbol üzrə hər iki komandamız yarımfinala qədər çox uğurlu oyun nümayiş etdirdi. Təəssüf ki, yarımfinalda oğlanlardan ibarət komandamız Belarusla oyunda qazana biləcəkləri matçı uduzdular. Bu nəticə motivasiyaya təsir etdiyi üçün üçüncülük qarşılaşmasında da məğlub olaraq, medaldan məhrum oldular. Qızlarımız isə sonadək əzmkar mübarizə apardılar. Nəzərə almaq lazımdır ki, yığmamızın finaldalı rəqibi Rusiya millisi dünyanın ən yaxşı komandalarından biridir. Qızlarımızın bu məğlubiyyətdən dərs alaraq, növbəti yarışlarda daha uğurlu çıxış edəcəyinə inanıram. Hər iki komandanın mübarizəsi mənim çox xoşuma gəldi”.

Qeyd edək ki, oğlanlardan ibarət 3x3 basketbol yığmamız yarışı dördüncü yerdə başa vurub. Qızlardan ibarət komandamız isə finalında Rusiyaya 13:19 hesabı ilə məğlub olaraq gümüş medala yiyələnib.