Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının əsas mərhələsi yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 12-ci turda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Görüşlərin hər ikisində nominal meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Beləliklə, əsas mərhələnin son turundan sonra “Azərreyl” 29 xalla birinci, “Abşeron” 23 xalla ikinci, “Murov” 20 xalla üçüncü olub, hesabında xalı olmayan UNEC isə sonuncu – dördüncü pilləni tutub.

Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Azərreyl” dördüncü yerin sahibi UNEC-lə, ikinci olan “Abşeron” isə üçüncü yeri tutan “Murov”la üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Oyunların keçiriləcəyi tarix və məkan hələlik bəlli deyil.