Litvalı basketbolçu Marius Qriqonis dörd mövsüm "Panatinaikos"da keçirdikdən sonra "Jalgiris"ə qayıdıb. O, Afinada olduğu dövrü "təşkilatlanmış xaos" kimi xarakterizə edib və bu müddətdə həm azarkeşlərin sərt tənqidinə məruz qaldığını, həm də eyni klubla EuroLeague çempionluğunu qeyd etdiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Qriqonis baş məşqçi Ergin Atamanla münasibətinə toxunaraq, aralarında heç bir ünsiyyət olmadığını vurğulayıb. "Heç olmasa bir oyunçu tapın ki, Atamanla münasibəti olsun. O, özünü oyunçulardan tamamilə ayırır. Bu, onun seçdiyi mövqedir. Ünsiyyət yoxdur", – deyə Qriqonis qeyd edib.

O, son mövsümdə belindəki zədə səbəbindən uzun müddət meydançadan kənarda qaldığını, qayıtdıqdan sonra isə EuroLeague-də cəmi beş dəqiqə oynadığını və məşqçi ilə vəziyyəti barədə danışmaq imkanı olmadığını bildirib. "Atamanla belə olmur", – deyə əlavə edib.

Qriqonis həmçinin qeyd edib ki, bəzən məşqdən sonra evə getdikdən sonra ona zəng edilib və növbəti oyuna getməsi tələb olunub. Digər hallarda isə oyundan cəmi 25 dəqiqə əvvəl ona forma verilib və oynayacağı bildirilib. "Məşqdən sonra evə gedirdim, birdən zəng gəlirdi ki, aeroporta gəl, oyuna getməlisən. Bəzən isə paltardəyişmə otağına gəlirdim və 25 dəqiqə qalmış forma verirdilər", – deyə xatırlayıb.

Bütün bu qeyri-müəyyənliyə baxmayaraq, Qriqonis peşəkar münasibətini qoruduğunu vurğulayıb: "Buradayam və işimi görməyə çalışıram. Müqaviləm komandanıma kömək etmək üçündür. Əlbəttə, çox şikayət edirdim və fikrimi bildirirdim, amma lazım olanda hazır idim".

O, "Panatinaikos"a ilk gəldiyi vaxtlarda komandanın hazırkı səviyyədən uzaq olduğunu, klubun çətin dövr keçirdiyini və həm komanda daxilində, həm də azarkeşlər arasında gərginliyin yüksək olduğunu bildirib. "Paltardəyişmə otağında hamı bir-biri ilə dalaşırdı, məşqçi kimisə heyətdən kənarlaşdırırdı, azarkeşlər bizi söyürdü, hətta tüpürürdülər. Küçədə gedəndə də insanlar nəsə deyirdilər", – deyə Qriqonis əlavə edib.

Bir il sonra isə vəziyyət tam dəyişib, "Panatinaikos" ulduzlarla dolu heyət qurub və EuroLeague çempionu olub. "Bir il əvvəl səni söyürdülər, növbəti il isə çempion olduğumuza görə çiyinlərində gəzdirirdilər", – deyə Qriqonis bildirib.

O, Afinada basketbola olan münasibətin və azarkeş fanatizminin onu dərin təsirləndirdiyini də qeyd edib: "Kaunas və 'Jalgiris'də fanatizmdən danışırıq, amma orada hər şey tamam başqa səviyyədədir. Onlar həqiqətən dəli olurlar. Hətta pivə içməyə ehtiyacları yoxdur, bu, onların təbiətində var".