Təcrübəli amerikalı müdafiəçi Mayk Ceyms "Anadolu Efes"in heyətində ilk dəfə meydana çıxıb və komandasının mövsümöncəsi hazırlıq oyununda "Trabzonspor" üzərində 76:71 hesablı qələbəsinə töhfə verib.
Offsideplus.az xəbər verir ki, Ceyms debüt matçında 14 xal, 2 ribaund və 3 assistlə yadda qalıb. Yay transfer pəncərəsində "Monako"dan "Anadolu Efes"ə qoşulan Ceyms, yeni komandasının arxa xəttində əsas fiqurlardan biri olacağını ilk oyunda göstərib. Qarşılaşmanın ən məhsuldar oyunçusu 16 xalla Daron Rassell olub. Dario Şariç 11 xal, 4 ribaund və 5 assistlə komandasına dəstək verib. Darius Karutasu və Kollin Malkolm hərəyə 9 xal, Metyu Strazel 8 xal, 1 ribaund və 2 assist, Burak Can Yıldızlı 6 xal və 4 ribaund, Kay Cons 2 xal, 3 ribaund və 1 assist, Corcan Loyd isə 1 xal, 2 ribaund və 1 assistlə yadda qalıb. "Anadolu Efes" ilk hissəni 34:31 öndə başa vurub və sonda beş xallıq üstünlüklə qələbə qazanıb.


