Tayriz Haliberton uzun müddət davam edən axill zədəsindən sonra 2026/27 mövsümünün əvvəlində meydana qayıdacağına əmindir. "İndi özümü əla hiss edirəm. Lazım olan hər şeyi edirəm və artıq müntəzəm olaraq 5-ə qarşı 5 formatında oynayıram. Mövsüm bu gün başlasa, meydana çıxmağa hazıram", – deyə "İndiana Peysers"in oyun qurucusu bildirib.

Offsideplus.az xəbər verir ki, Haliberton yaxşı fiziki vəziyyətdə olsa da, rəsmi oyunlara tam hazır olmaq üçün vaxt lazım olduğunu vurğulayıb. O, oktyabrda başlayacaq mövsümədək basketboldan təxminən 16 ay uzaq qalacaq. "Hər bir NBA oyunçusu təsdiqləyər ki, ilk fasiləyədək meydanda tam fərqli yorğunluq hiss edirsən. Buna əvvəlcədən hazırlaşmaq mümkün deyil. Nə qədər məşq etsəm də, ilk hissə hər kəs üçün ağır keçir. Mövsümə yaxşı formada başlayacağıma inanıram. Əsl hazırlıq səviyyəsini isə məhz mövsümöncəsi oyunlarda görmək olur. Rik Karlayl bizimlə bu mərhələdə çox yaxşı işləyir. Tədricən məşq və oyun tempimiz rəsmi matçlara yaxınlaşır. Mənim üçün əsas məqsəd ən yüksək fiziki formaya çatmaqdır. Hazırda özümü çox yaxşı hiss edirəm və işləməyə davam edəcəyəm. Məqsədim təlim-məşq toplanışına tam hazır olmaqdır", – deyə Haliberton əlavə edib.