Dimitris Yannakopulos "Panatinaikos"dakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik olduğunu etiraf edib. 

Offsideplus.az xəbər verir ki, klubun sahibi uzun illərdir rəhbərlik etdiyi Yunanıstan nəhəngindən uzaqlaşa biləcəyini istisna etməyib.

Yannakopulos bu barədə çıxışında "bir ayağım içəridə, yarım ayağım isə çöldədir" ifadəsini işlədib. O, ailəsində "Panatinaikos"un adının daim çəkildiyini, lakin əvvəlcə bu işə qoşulmaq istəmədiyini bildirib. 2012-ci ildə klubu satmaq istədiyini, ancaq atasının onun fikrini dəyişdirdiyini xatırladıb:

"Atam mənə dedi ki, "Zəhmət olmasa, bunu mənə etmə, bu mənim mirasımdır".

Yannakopulos artıq gözləntiləri aşdığını düşünür: "Hesab edirəm ki, məndən gözləniləndən daha artığını etdim. Heç vaxt deməmişəm ki, burada həmişə qalacağam". O, "Panatinaikos"un 3-4 milyon azarkeşinin məsuliyyətini daşıdığını vurğulayıb: "Hər səhər onların gülümsəyib-gülümsəməyəcəyini düşünürəm. Bu barədə çox fikirləşirəm".

Avropa basketbolunda son illərdə böyük dəyişikliklərin baş verdiyini qeyd edən Yannakopulos "Panatinaikos"un dəyərinin hazırda yarım milyard avroya çatdığını bildirib. O, gələcəkdə kluba rəhbərliyi övladlarına ötürmək niyyətində olmadığını da açıqlayıb: "2012-ci ildə olduğum vəziyyəti uşaqlarıma miras qoymaq fikrim yoxdur".

Beş ildən sonra harada olacağı ilə bağlı suala isə Yannakopulos belə cavab verib: "Oyunları televizordan izləyən bir azarkeş kimi 'yeni mərkəz oyunçusu almalısınız, yeni forvard lazımdır' deyə qışqıracağam".