3x3 basketbol üzrə qadın millimiz ilk dəfə iştirak etdiyi Dünya Kubokunda dördüncü yeri tutub. 

Offsideplus.az xəbər verir ki, yığmamızın məşqçisi Ratomir Deliç qızların dünya çempionatındakı performansını dəyərləndirib:

"Bu oyunlardan sonra danışmaq çətindir, amma ilk növbədə demək istəyirəm ki, oyunçularımla çox qürur duyuram. Necə mübarizə apardıqlarını görmək həqiqətən qürurverici idi. Ümid edirəm ki, Brianna Freyzerin zədəsi ciddi deyil və o, tezliklə sağalaraq yenidən bizimlə birlikdə meydançaya qayıdacaq. Bu hadisənin baş verməsi üzücüdür, amma idmanda belə şeylər təəssüf ki, olur.

Eyni zamanda, yarımfinalın sonuna qədər tam heyətlə mübarizə aparmaq şansımızın olmamasına görə bir az məyusam. Çünki düşünürəm ki, həmin oyunda çox yaxşı çıxış edirdik. Hətta əvəzetmə imkanımız olmadan və turnirin ən yaxşı bombardirini son 4 dəqiqə və əlavə vaxtda itirməyimizə baxmayaraq, rəqibə çox ciddi müqavimət göstərdik. Buna görə yenə də deməliyəm ki, komandamla çox qürur duyuram.

Biz oyundan oyuna inkişaf etdik, yarış boyunca daha da yaxşılaşdıq və hər gün daha güclü komanda kimi görünürdük. İstədiyimiz nəticəni əldə edə bilmədik, amma göstərdiyimiz performansla qürur duyuruq və növbəti dəfə daha güclü şəkildə geri dönəcəyik".