"Minnesota Timbervulvz" Qərb Konfransının yarımfinal seriyasında hesabı 2-2 edib.
Offsideplus.az xəbər verir ki, "San Antonio Spörs" üzərində 114-109 hesablı qələbə qazanan Minnesota təmsilçisi, rəqibin oyunun böyük hissəsini Viktor Vembanyamasız keçirməsindən maksimum yararlanıb. Fransalı ulduz ikinci periyodun əvvəlində Naz Reydin çənə nahiyəsinə dirsəklə zərbə endirdiyi üçün meydandan qovulub.
"Timbervulvz"un ulduzu Entoni Edvards ümumilikdə topladığı 36 xalın 16-sını beş dəfə liderin dəyişdiyi gərgin dördüncü periyodda qazanıb. Rudi Qoberin uğurlu "üç xallıq oyunu" (səbət + cərimə) bitimə 3:02 saniyə qalmış Minesotanı 103-101 hesabı ilə önə keçirib. Daha sonra Ayo Dosunmunun bənzər performansı fərqi 110-103-ə çatdırıb və "Timbervulvz" gərgin keçən qarşılaşmanı qələbə ilə başa vurub.
Qeyd edək ki, oyun boyu heç bir komanda 9 xaldan artıq fərqlə irəli düşə bilməyib.


