"Qəbələ" klubunun kapitanı Cavid Hüseynovun evdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri futbol üzrə Azərbaycan Premyer Liqasının X tur matçından sonra "Report"a müsahibə verib.

Offsideplus.az həmin müsahibəni təqdim edir:

- Görüşü necə dəyərləndirərdiniz?

- Birinci hissədə oyunumuz çox yaxşı alındı. Kifayət qədər qol şansımız olsa da, bir çoxundan yararlana bilmədik. Buna baxmayaraq, ilk hissədə 2 qol vurmağı  bacardıq. Fasilədən sonra ssenarinin dəyişəcəyini bilirdik. Bu da gözlənilməz olmadı. İkinci hissədə rəqib daha çox hücum etdi. Biz də komanda olaraq müdafiəyə çəkildik. Hesabda 2:0 öndə olmağımız bizi bir az arxayınlaşdırdı. 

- Sizin üçün hansı daha vacib idi: Gözəl oyun, yoxsa nəticə?

- Bu gün bizə nəticə lazım idi, onu da əldə etdik. Səfərdə “Sabah”la görüşdə yaxşı oynasaq da, məğlub olmuşduq. Bu gün isə birinci hissədə əla çıxış etdik, qollarımızı vurduq, amma ikinci hissədə zəif oyun göstərdik. Hər halda 3 xal qazana bildik və buna görə sevinirik.

- Əsas heyətdə olmamağınızı necə qarşıladınız?

- Bu, normal haldır. Pis qarşılamıram. Bu da olmalıdır.

- Təmkin Xəlilzadə əvəzlənməsinə narazı formada reaksiya verdi. Bir kapitan kimi əvəzlənmənin erkən edildiyini düşünmürsünüz?

- Yox, elə düşünmürəm. Baş məşqçi nə lazım idisə, onu da etdi.

- İkinci hissədə bir neçə qol epizodu yaratsanız da, 3-cü qolu vura bilmədiniz...

- Hər iki hissədə qol epizodlarımız oldu, ancaq yararlana bilmədik. “Sabah” komandası qol vurduqdan sonra biz geri çəkildik. Daha bir top buraxıb xal itkisi ilə üzləşmək istəmirdik. Nəticədə vacib olan 3 xal idi, onu da qazana bildik.

- Baş hakimin oyunun sonuna 6 dəqiqə əlavə etməsi, sizcə, görüş üçün çox deyildi?

- Mən hakimlərin uzatma dəqiqələrini necə hesabladıqlarını bilmirəm. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Oyunçu dəyişiklikləri və zədələnmələr olur. Bəlkə də hakim daha az vaxt əlavə edə bilərdi, amma çox əlavə edib. Bəlkə də 6 dəqiqə artırılmalı imiş, onu da edib.