"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.
Məsələ ilə bağlı Offsideplus.az-a danışan Ağdam klubunun akademiyasının kordinatoru Aftandil Hacıyev məqsədlərinin hər zaman qələbə olduğunu dedi:
"Qarşımıza futbolçuların ustalığını artırmaq məqsədi qoymuşuq. Onların səviyyəsi beynəlxalq turnirdə iştirak etməklə artır. Fərdi və komanda şəklində inkişaf etmək bizim üçün prioritetdir. Qazanılan nəticə futbolçuların, məşqçi heyətinin əziyyətinin bəhrəsidir. Düşünürəm ki, beynəxalq uğurlar həm də ölkəmizin təbliğidir. "Qarabağ" adı bu baxımdan daha da tanınır. Çalışırıq ki, bu işi davam etdirək".
1 ildən artıqdır ki, sözügedən vəzifəni icra edən Hacıyev qısa müddət ərzində qazanılan uğurların sirrini açıqladı:
"Açığı, komandalara demək olar ki, yeni futbolu cəlb etmədik. Həmin oyunçu və məşqçilərlə yolumuza davam etdik. Bəzi çalışdırıcılar öz istəkləri ilə ayrıldı. Qeyd etməliyəm ki, uğurun əsas səbəblərdən biri rəhbərliyin baxışının dəyişməsidir. Bunu hiss edirdim. Düşnürəm ki, bizə göstərilən qayğının nəticəsidir ki, uğurlar qazanırıq. Əlbətdə, görüləcək işlərimiz çoxdur. Çox şeyi dəyişməliyik. Tək "Qarabağ"da deyil, ümumilikdə Azərbaycanda uşaq futboluna diqqət artmalıdır. Digər komandalarda da istedadlı oyunçular var. Sadəcə onlara diqqət yetirmək lazımdır".
Mütəxəssis əsas istəklərindən birinin də əsas komandaya oyunçu cəlb etmək olduğunu qetd etdi:
"Futbolçunun istedadını açmaq mərhələsini izləmək lazımdır. Bu gün "Qarabağ"ın əsas komandasına düşmək nəyinki akademiyadan, hətta digər klublardan da çətindir. İstəyirik ki, gələcəkdə əsas kollektivə yüksələn oyunçuların sayı çox olsun".
Akademiya rəsmisi komandaların gələcəkdə də beynəlxalq turnirdə iştirak edəcəyini dedi:
"Bir neçə turnirlə danışıqlar davam edir. Təsdiqi tapıldıqdan tərəfimizdən məlumat veriləcək".