www.turan100k.az 

Futbolun İnkişaf Fondu 2022/2023-cü illər mövsümündən etibarən Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya əldə edən “Turan Tovuz” Futbol Klubuna dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Turan 100k” layihəsini ərsəyə gətirib.

Offsideplus.az xəbər verir ki, layihə "Turan Tovuz" PFK üçün 100.000 AZN ianə toplamaq məqsədi daşıyır.  

Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək. 

30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən əldə etdiyiniz piksellərə öz şəklinizi yerləşdirə bilərsiniz. İanəçilərin fotolarından ibarət stadionun şəkli klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.