"Peşəkar Futbol Liqasının rəhbərliyinə mövsümü belə uğurlu keçirdiyinə görə təşəkkür edirəm. Sizin işiniz o qədər asan olmadı. Bu mövsüm çox işlər gördünüz. Bunun görünməyən tərəfləri də var. Hətta xoşagəlməyən hallar da oldu. Şükürlər olsun ki, PFL-i prezidenti Elxan Səmədov hazırda özünü yaxşı hiss edir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Azərbaycan Kubokunun final matçı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, mayın 31-də "Sabah"a qarşı keçiriləcək həlledici oyun barədə fikrilərini bildirib: "Çox vacib qarşılaşma olacaq. Ümumiyyətlə, final oyunu bütün komandaların azarkeşlərini bir yerə toplayır, sanki bayram kimi keçir. Təbii ki, bizim fanatlar "Qarabağ"ı, rəqibin azarkeşləri isə "Sabah"ı dəstəkləyəcəklər. Neytral azarkeşlər isə yaxşı oyuna baxmağa gələcəklər. Çempion olmağımıza baxmayaraq, finalda yaxşı nəticə qazanmağa çalışacağıq. Həmişə demişəm ki, kubok əlavə prestijdir. Qarşımızda çox istəkli komanda olacaq. "Sabah" klubu son vaxtlar çox iddialıdır. Premyer Liqada 5-ci yeri tutsalar da, potensialına görə daha yuxarı pillələrə layiq idilər. Rəqibin baş məşqçisi Vasili Berezutski hələ "Sabah"da işə başlayanda açıqlamasında bildirmişdi ki, kuboku qazanmaq istəyirik. "Sabah" çox möhkəm komandadır. Belə kollektivlərə qarşı oynamaq xoşdur. Çünki heyət bu cür oyunlarda möhkəmlənir, təcrübəsini artırır. Hər iki komandaya uğurlar arzulayıram".

Q.Qurbanov vurğulayıb ki, rəqiblər "Qarabağ"a qarşı xüsusi istəklə hazırlaşılar: "Sabah" Premyer Liqa oyularında bizimlə görüşlərdə müdafiədə çox səliqəli çıxış edirdi. Həmçinin çempion komandaya qarşı rəqiblər daha istəkli olurlar. Biz özümüz də bu yollardan keçmişik. Avropada adlı-sanlı klublara qarşı oynayanda daha motivasiyalı, məsuliyyətli oluruq. "Sabah" çempioatda 5-ci yeri tutmasına baxmayaraq, güc baxımından bizə yaxın komandadır".

Final matçının keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu barədə xoş fikirlər söyləyənn "Qarabağ"ın çalışdırıcısı penaltilərə hazırlaşmadıqlarını söyləyib: "Penaltilər seriyasına çox ciddi hazırlaşmırıq. Bəzən məşqlərdə futbolçulara şərait yaradırıq ki, 1-2 penalti vursunlar".