Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, əvvəlcə Qran-Prinin qalibi “Red Bull Racing” komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib. Sonra qaliblərə kuboklar təqdim olunub.
Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.
“Red Bull Racing” komandasının nümayəndəsinə kubok Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem tərəfindən təqdim olunub.
Qran-Pridə ikinci yeri tutan Serxio Peresə (“Red Bull Racing) kuboku Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, üçüncü pillədə qərarlaşan britaniyalı Corc Rasselə (“Mersedes”) isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.