"Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlər olmayacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "Race Fans"a açıqlamasında deyib: "Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlərin olmayacağı təsdiqlənib. Biz adətən, hər Qran-pridə konsertlər vermişik. Musiqili gecələr, pit-stop gəzintiləri və azarkeşlər üçün digər tədbirlər keçirmişik. Amma bunlar qarşıdakı Qran-pri zamanı olmayacaq.

Pandemiya bizim sub-podratçılarımız və digər məsələlər üzrə çalışan insanlara təsir edə bilər. Adi ehtiyat tədbirləri görürük, maska taxır, şəxsi gigiyenaya əməl edirik. Bunları etmək çətindirmi? Deməzdim".

Qeyd edək ki, İspaniya və Monako Qran-prilərində məhdud sayda azarkeşlərin iştirakına icazə verilib. Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.