Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “Motorsport-total” nəşrinə müsahibə verib.

Offsideplus.az xəbər verir ki, A. Rəhimov yarış baş tutmasa, Azərbaycan hökumətinin pul itirməyəcəyini söyləyib: “Qışda “Formula 1” keçirmək bizim üçün seçim deyil. Onda boş tribunalar olacaq. Buna görə də yarışı oktyabrın ortalarından əvvəl keçirmək istəyirik. Ən önəmli şey, tezliklə hər şeyə aydınlıq gətirilməsidir. “Formula 1”in nə vaxt keçiriləcəyini 2 və ya 3 ay əvvəlcədən bilmək vacibdir. Trasın orada olmasına 2-3 ay vaxt lazımdır. Biz artıq bir neçə şey sifariş etmişik, amma onlardan gələn il və ya bu ilin sonunda istifadə edə bilərik. Bu səbəbdən indiyə qədər birbaşa maliyyə itkisi yaşamamışıq. Bu, fors-major haldır və bizim səlahiyyətimizdə deyil. Yarış reallaşmasa, ödənilən pulu “Formula 1”dən geri almaq seçim olacaq. Ya da bir sonrakı il üçün nəzərdə tutula bilər ki, həmin vaxt ödəniş etməyək”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Daha əvvəl Monakodakı yarış ləğv edilib, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya Qran-priləri təxirə salınıb.