Dünən Melburnda Avstraliya Qran Prisinin ləğv olunmasından sonra daha iki yarışın – Bəhreyn və Vyetnam Qran Prilərinin də təxirə salınması açıqlanıb.
Offsideplus.az xəbər verir ki, əvvəlcədən ləğv olunmuş Çin yarışını da nəzərə alsaq, çempionatın startı may ayının ilk günlərinə qədər təxirə salınıb.
Bu arada elə Melburnda Albert Parkın paddokunda çempionatın Niderlandda mayın əvvəlində deyil, bir ay sonra Bakıda start alması barədə şayiələr peyda olmağa başlayıb. Amma dünən ölkəmizdə mart və aprel ayında keçirilməsi planlaşdırılan bir çox kütləvi tədbirlərin, o cümlədən böyük idman hadisələrinin təxirə salınması məlum olub. Ona görə də bəzi KİV-də iyun ayında keçirilməsi planlaşdırılan Azərbaycan Qran Prisinin də təxirə salınması xəbərləri yayılıb.
Formula1-in ölkəmizdə tanınmış mütəxəssisi, yarışlarının şərhçisi və Azərbaycan Qran Prisinin rəsmi elçisi Rəhim Əliyev məsələyə münasibət bildirib:
“İki ay ərzində hər şey ola bilər və doğrudan da, vəziyyət elə ola bilər ki, yarış təxirə salınsın. Amma hazırda Azərbaycan Qran Prisi müzakirə obyekti deyil".
Mənbə: f-1.az