“FOPA-nın üzvüyük və həmin görüşdə iştirak etmişəm. Ancaq orada “Formula 1” rəhbərliyinə hücum düşüncəsi olmayıb”.
Offsideplus.az xəbər verir ki, bunu ESPN-ə müsahibəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Formula”in 21 təşkilatçısından 16-nın Promouterlər Assosiasiyasında (FOPA) bir araya gələrək, rəsmi bəyanatla çıxış etmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, promouterlər toplaşaraq, “Formula 1” idmanını daha da yaxşılaşdırmaq üçün onların müqavilələrinə daxil olmayan məsələlər barədə eyni mövqedən çıxış ediblər: “Baş verənlər “Formula 1”ə mətbuat vasitəsi ilə şikayət kimi qəbul olunsa da, bu, press-reliz formasında bir şey deyil. Bu, daha çox yarışın yaxşılaşdırılması üçün bizi qayğılandıran məsələlərin “Formula 1”ə yönləndirilməsidir. Fikrimcə, bu, bir qədər düşünülən kimi alınmadı və düzgün qəbul edilmədi. “Formula 1”in də bu cür davranışdan narazı olduğu aydındır. Bunun bir dərs olduğunu, FOPA ilə “Formula One” Şirkətlər Qrupu arasında gələcək əməkdaşlığın daha məhsuldar alınacağını düşünürəm”.
Azərbaycan Qran Prisinin promouteri olan A.Rəhimov deyib ki, görüş zamanı əsasən təşkilatı məsələlər qaldırılıb: “Bu, düşünülmüş hücum yox, öz problemlərimiz barədə “Formula 1”ə müraciət etmək və onların həlli yollarını tapmaq cəhdidir. Yəni, baş verənlər mətbuatda təqdim edildiyi kimi hücum deyil. Yekunda hər şey baş-ayaq alındı. Bu cür olmamalı idi. Görüşdə müzakirə olunanlar xırda məqamlar deyildi. Məsələn, ötən mövsüm podiumdan qızların yığışdırılması kimi məsələlər danışılıb. Əksər promouterlər bu cür dəyişikliyin baş verəcəyini gözləmirdilər”.
A.Rəhimov deyib ki, BŞH “Formula One” ilə əməkdaşlıqdan məmnundur və bu səbəbdən, mövcud müqavilə 2023-cü ilə qədər uzadılıb.
Qeyd edək ki, bir müddət əvvəl xarici KİV-lərdə “Formula 1”in 21 təşkilatçısından 16-nın FOPA-da bir araya gələrək, rəsmi bəyanat yaydıqları yönündə xəbərlər çıxıb.