Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" FKSB-yə uduzdu - 2:3.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı Qurban Qurbanov iştirak etdi.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Bu il üçün evdəki son oyunumuz oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bizə inandılar, güvəndilər. Baxmayaraq ki, sonda məğlub olduq. Oyun haqda danışacaq fikrim yoxdur. Bəzən futbolda düşünmədiyin anlar var. Bu gün onu gördük. 3 künc zərbəsi və 3 qol. Rəqibi təbrik edirəm. Çox istəkli idi. Biz qalib gələ bilərdik. Görünür ki, haradasa səhvlərimiz var. Amma komandamız çox əziyyət çəkdi. Bu il uğursuz seriyamız oldu. Məğlub olmayacağımız oyunları uduzduq".
Mütəxəssis qapıçı seçimini Fabian Buntiçdən yana etməsini belə izah etdi:
"Onu seçməyimə peşman deyiləm. Koxalski 2 gün öncə məşqdə zədələnmişdi. Qolların hamısında onun səhvi yox idi. Çətin epizodlar idi. Qolları təkrar izlədim. Bəlkə də 1 epizodda səhvi var idi. Amma ümumilikdə çıxışından razı qaldım".