Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə”nin 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Bakı klubu ilk raundda Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.

Cütü dəyərləndirməsi üçün Aslan Kərimovla əlaqə saxladıq. Azərbaycan millisinin sabiq kapitanı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Zirə"nin rəqibi həqiqətən də kifayət qədər təcrübəsi olan komandadır. "Qarabağ"dan öncə "Şerif" artıq ÇL və AL-nin qrup mərhələlərində iştirak edib. Ona görə də klubun Avropa Liqasında oynamaq üçün təcrübəsi böyükdür. Heyətlərinə baxsaq, yerli oyunçular 2-3 nəfər olar, ya olmaya. Digərləri isə ancaq legionerlərdir. Bu, o deməkdir ki, "Zirə"ni ilk turda ciddi rəqib gözləyir. Düşünürəm ki, ev oyunu bəlkə bir az daha asan olar. Lakin səfərdə "Şerif" "Zirə"yə çətin anlar yaşadacaq. Burada başqa faktor isə komandaların transfer siyasətləri olacaq. "Zirə"nin qol vura bilən oyunçuya ehtiyacı var. Çünki hücumun sivri ucunda oynatdıqları bəzi futbolçularla artıq yollarını ayırıblar. Məsələn, Rəhimlə sağollaşdılar. Pakman zədəlidir və uzun müddətdi oynamır. Meza Kolli meydanın mərkəzində oynayır. Onu da bəzən hücumda oynatmaq olardı lakin onunla da yolları ayırdılar. Çempionatda da "Zirə"nin hücumçuya ehtiyacı olduğu açıq-aşkar görsənir. Bu baxımdan bilmirəm nə dərəcədə imkan tapıb bu transferi edə biləcəklər. Rəqibin heyətinə qatdığı oyunçuların da gücünə baxmaq lazım gələcək."