“Zirə”nin gələn mövsüm Avropa Liqasında iştirakı artıq rəsmiləşib.
“Qartallar”ın 1-ci təsnifat mərhələsində bütün potensial rəqibləri də məlumdur. Bunlar, “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Krakov, Polşa), “Pafos” (Kipr) və “Pakş”dır (Macarıstan).
Görəsən, Bakı təmsilçisi üçün ən uyğun rəqib hansıdır? “Zirə” bu klublardan hansını üstələyə bilər? Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün “Qarabağ”ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyevlə əlaqə saxladıq.
Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Avropa Liqası Konfrans Liqası ilə müqayisədə daha mötəbər turnir sayılır. Buradakı rəqiblərin hər biri keyfiyyətcə daha yüksəkdilər. “Zirə” üçün hansı klubun daha münasib olduğunu demək çətindir. Aşağı-yuxarı hamısının gücünü orta qiymətləndirmək olar. Bəlkə Qazaxıstan “Tobol”unu xüsusi vurğulamaq olar. Amma bu klubun da hazırki vəziyyətindən məlumatlı deyiləm”.