"Qarabağ" sabah UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Leverkuzen "Bayer"inin qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, görüşdən əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Təcrübəli mütəxəssis sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşdükdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.

- Çox ciddi bir komandaya qarşı oynayacağıq. "Bayer" təkcə nəticələri ilə yox, həm də baxımlı oyunu ilə Bundesliqada liderdir. Çox yaxşı, bacarıqlı futbolçulardan ibarət komandadır. Ümumən, bu gün "Bayer"də baş məşqşi Xabi Alonsonun işi hiss olunur. O, həm futbolçu, həm də baş məşqçi kimi hörmət qazanmış birisidir. Çalışacağıq ki, çox diqqətli olaq. Futbolçularım demək olar ki, buna hazırdırlar. İnanıram ki, hər biri sabah meydanda əllərindən gələni edəcəklər.

- Sabahkı oyunda "Qarabağ"ı xal və xallar qazanmaq üçün necə motivasiya etməyi düşünürsüz?

- Hər bir rəqibə qarşı komandanın oyun planı fərqli olur. Ələlxüsus "Bayer" hər iki hissəni sonadək oynayır. Matçın gedişində bəzi rotasiyalar edirlər. Bu komandaya qarşı çox diqqətli olmalıyq. Bacardığımız qədər futbolçuları situasiya ilə tanış etdik. Bu cür komandalara qarşı oyunlarda futbolçuları motivasiya etək həm çətin, həm də asan olur. Düşünürəm ki, bu, asan olacaq. Ümumiyyətlə, istəyirəm ki, futbolçularım bu cür oyunlarda böyüsünlər. İnanıram ki, sabah hər şey plan üzrə gedəcək.

- "Bayer"in 11 oyunluq məğlubiyyətsizlik statistikası var. Siz də 7 oyundur ki, uduzmursuz. Bu komandaya qarşı hansı heyəti buraxcağınızı müəyyənləşdirmisiz?

- Bəli, müəyyən etmişəm. Sadəcə, oyunun gedişatında ola bilsin ki, hər hansı dəyişiklik olsun. Lakin ümumilikdə hər şey hazırdır.

- "Frayburq"la matçın əvvəlində "Qarabağ" böyük təzyiqlə üzləşmişdi və qapısında 2 top görmüşdü. Onda "Frayburq" lider idi. İndi də "Bayer" liderdi. Eyni halı yaşamamaq üçün müəyyən plan cızmısınız?

- Ümumiyyətlə, Almaniya komandaları ən intizamlı komandalardan sayılırlar. Onlar üçün güclü və ya asan rəqib fərqi yoxdur. Hər matça məsuliyyətlə çıxırlar. Onlarda ümumilikdə alman intizamı var. Hətta qrupdan çıxsalar belə, Bundesliqa komandalarında arxayınlıq olmur. "Bayer" sistemi çox bacarıqla yerinə yetirən kollektivlərdəndir. Bu klubun qarşısına qoyulan məqsəd bəllidir. Təkcə liderlik yox, bütün oyunlarda yaxşı performans sərgiləyirlər. Yenə də deyirəm, biz bu cür oyunlarda böyüyürük. Son illər avrokuboklarda qazandığımız təcrübə "Bayer"ə qarşı daha kompakt oynamağımıza imkan verəcək. Böyükhesablı məğlubiyyət olacaqsa belə, bu cür oyunlardan çəkinmirəm. Sabah əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Daşqın Əziz/Bakı-Leverkuzen