İtaliyanın "Fiorentina" klubunun gənc futbolçusu Federiko Kyeza karyerasında ilk qolunu vurduğu 2016-cı il Avropa Liqasında qrup mərhələsinin "Qarabağ"la son tur oyununu xatırlayıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumçu həmin il dekabrın 8-də Bakıda keçirilmiş qarşılaşmada həm də qırmızı vərəqə aldığını diqqətə çatdırıb. O, oyundan sonra baş məşqçi Paulo Souzanın ona unudulmaz məsləhət verdiyini söyləyib: "Peşəkar səviyyədə ilk qolumu Bakıda "Qarabağ"ın qapısına vurdum. Qoldan bir neçə dəqiqə sonra isə ikinci sarı vərəqəni alaraq oyundan qovuldum. Meydandan çıxanda baş məşqçimiz mənə dedi ki, futbol ürəklə olduğu qədər ağılla da oynanılır. Bu sözlər həmişə yaddaşımda qalacaq".
İtaliyalı hücumçu portuqaliyalı mütəxəssisin sözlərini yadda saxlamasına rəğmən, eyni halı yenidən təkrarladığını bildirib: "Həmin mövsüm "Peskara" ilə son matçımızda yenə analoji səhvə yol verdim. 38 dəqiqə ərzində iki sarı vərəqə alaraq, qovuldum. Meydanı tərk edərkən baş məşqçimiz mənə hələ də heç nə anlamadığmı dedi. Bu sözdən sonra başa düşdüm ki, oyunda arzu, istəkdən də vacib məsələ ağılla oynamağı bacarmaqdır".
Qeyd edək ki, 2016/2017-ci il mövsümündə "Qarabağ" - "Fiorentina" görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Federiko Kyeza matçın 76-cı dəqiqəsində komandasına qələbə gətirən qolu vurub. Bundan 8 dəqiqə sonra isə o, 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. Federiko Kyeza ötənlərin tanınmış futbolçusu Enriko Kyezanın oğludur.