Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” “Vestri”ni məğlubiyyətə uğradıb - 3:0.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb, matçı şərh edib:

“Azarkeşlərə təşəkkür edirəm. Demək olar ki, tribunalar tam dolmuşdu. Çempionlar Liqası ab-havası var idi. İlk oyundan anladıq ki, məsuliyyətli olmalıyıq. Bu həm də motivasiya verdi. Paltardəyişmə oyağında futbolçularıma da bunu bildirdim. Oyun planından narazılığım var idi. Bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. Şükürlər olsun, 3:0 qələbə qazandıq. Rəqib məşqçidən biri analiz listini göstərdi. Çox yaxşı analiz etmişdilər. Oyunun gərgin keçməsi xeyrimizə olacaq. “Sabah” və “Zirə”ni təbrik edirəm. Ölkə reytinqinə xal qazandırdılar. Hər komandamıza uğurlar arzu edirəm”.

Mütəxəssis Montielin iştirak ərizəsində olmamağını belə izah edib:

“Zədəyə görə deyildi. Kənarda qalanlar gələn tura çıxsaq, oynaya bilərlər”.

Q.Qurbanov transfer çalışmalarından bəhs edib: “Qapıdan başqa hər mövqeyə axtarışlar gedir”.

O, cavab oyunda edəcəyi eksperimentlər haqda da danışıb: “Rotasiya edib-etməyəciyimizi deyə bilməyəcəm. Ümumi hazırlıq durumuna baxacağıq. Əli Bəşirov ilk hazırlıq günündən bizimlədir. Şans qazanacaq, ya avrokuboklarda, ya çempionatda. Qabiliyyətli futbolçudur. Oynamasa da, məsuliyyəti hiss etmək onun üçün təcrübədir. Hər gənc üçün şərait yaradırıq”.

Qurbanov Zakaria Savonun performansına da toxunub: “Özəllikləri olan futbolçudur. Bu onun ideal forması deyil. Hansısa elementlərdə daha yaxşıdır”.

Əli Bəşirovun transferi haqda danışıb: “Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Bəlkə burda qalmağı faydalıdır. Gələcəyini düşünürük. Onun üçün ən yaxşısını etmək borcumuzdur”.