UEFA 2020-ci ilin Avropa çempionatının formatını dəyişdirməyi planlaşdırmır.
Offsideplus.az “The Telegraph”a istinadən xəbər verir ki, UEFA-nın rəhbərliyi qitə birinciliyini əvvəl planlaşdırıldığı kimi Avropanın ölkəsinin 12 şəhərində keçirməyi planlaşdırır. Tribunalarda tamaşaçıların sayı üzrə mümkün məhdudiyyətlərin təşkilatçıları qorxutmadığı vurğulanıb.
Xərclərin minimallaşdırılması məqsədi ilə AVRO-2020-nin bir və ya iki ölkəyə köçürülməsi müzakirə olunmur.
Daha əvvəl bildirilmişdi ki, UEFA AVRO-2020-nin təşkili üçün 4 ssenarini nəzərdən keçirir. Variantlardan biri təşkilatçı şəhərlərin sayının 10-a endirilməsi idi. Bu halda iki şəhər ixtisara düşəcəkdi. Digər ssenari 5 təşkilatçı ölkə, üçüncü variant kimi iki ölkəli model planlaşdırılırdı.
Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.