"Məncə, Azərbaycan çempionu olmağım və dünya kubokunda uğurlu çıxışımı nəzərə alaraq milli komandaya dəvət olunmağım məqbul idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabından məşhur azərbaycanlı şahmatçı Vasif Durarbəyli paylaşıb.
O, milli komandaya çağırılmasından gileylənib:
"Şahmat cəmiyyətində belə bir fikir var ki, guya yığma reytinq sırasına görə formalaşır. Onda 2019-uncu il Avropa komanda çempionatında dəvət sırası məndə olanda və növbəti şahmatçıdan 24 xal çox olmağıma rəğmən niyə bu baş tutmadı? Deməli, yığmaya dəvət kriteriyası fərdə görə dəyişir və yığmanı formalışdıran, vitze-prezident Faiq Həsənovun yanaşması qərəzlidir.
Psixoloji nöqteyi-nəzərən bu hal mənə 2019-da pis təsir etmişdi. Elə indi də dəvət olunmamağımı mənim son turnirimə mənfi təsir edən faktorlardan biri kimi görürəm. Sanki özümü bir daha isbatlamaq üçün basqı hiss edirdim.
Bu cür mənfi hal başqa şahmatçılarında başına gələ bilər. Belə halın təkrarlanmaması üçün yığmanın formalışdırma qaydaları bir nəfərin istədiyi kriteriyanı rəhbər tutmasına yox əvvəlcədən elan edilmiş formulaya söykənməlidir. Formula şəffaf və qərəzsiz qurulmalıdır".