Bu gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən "Croatia Grand Chess Tour"un blits turniri start götürüb.
Offsideplus.az xəbər verir ki, iki gün davam edəcək turnirin birinci günündə qrossmeysterimiz Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.
Zəka sahibi startda fransalı Maksim Vaşye-Laqrava uduzsa da, növbəti görüşdə rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib. Sonrakı qarşılaşmalarda Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb. Ş.Məmmədyarov 7-ci turda ukraynalı Anton Korobova məğlub olub. Şahmatçımızın daha bir keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anandla qarşılaşması davam edir. Ş.Məmmədyarov bu gün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.
Qeyd edək ki, yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.