Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olub.
Offsideplus.az xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb. Günün ilk oyununda heç-heçəyə razılaşarkən, ikinci gərgin görüşdə Rəcəbov Aranyona qalib gəlib.
3-cü oyunda heç-heçə edən Teymur Rəcəbov beləliklə turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.
Azərbaycan şahmatçısı artıq birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.