Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış şahmat üzrə İddiaçılar Turniri oktyabrın 28-də Rusiyanın Yekaterinburq şəhərində bərpa olunacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski açıqlama verib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə daimi əlaqədə olduğunu deyən Simanovski ona turnirin noyabrın 11-dək davam edəcəyi barədə məktubun gəldiyini diqqətə çatdırıb. O, yarışın şahmatçılar üçün epidemioloji situasiyanın sabitliyi şərti ilə keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İddiaçılar Turniri martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsini kəsməsi səbəb olub. 8 qrossmeysterin qatıldığı turnir VII turdan sonra yarımçıq qalıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.

Vaşye-Laqrav məhz koronavirusun yayılması ilə əlaqədar turnirdən imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.