Qlobal oyun platforması olmaq üçün çalışan “Eleven Kings” futbol menecer oyunu sürətlə inkişaf etməkdədir.
Offsideplus.az xəbər verir ki, startapın təsisçisi Orxan Rzayevin TED.az-a verdiyi açıqlamaya görə, komanda hazırda dünya miqyaslı futbolçu Kriştiano Ronaldo ilə əməkdaşlıq üçün danışıqlara başlayıb: "Kriştiano Ronaldonun agentlərindən biri ilə əlaqə saxlamağa nail olmuşuq. Startap haqda məlumat verib, ilkin təkliflərini almışıq. İstəkləri fantastikdir. Hazırda bunun üzərində çalışırıq".
O.Rzayev bildirib ki, hədəfi dünyanın ən böyük oyun platformalarından biri yaratmaqdır. Bunun üçün də komanda qlobal miqyasda investorlarla, şirkətlərlə, həmçinin futbolçularla əməkdaşlıq etməyə cəhd edir.
Qeyd edək ki, layihə təsisçiləri daha əvvəl əfsanəvi futbulçu Ronaldinyo ilə rəsmi razılıq əldə ediblər.
Məlumat üçün bildirək ki, “Eleven Kings” 2017-ci ildə Bakıda yaranan oyun startapıdır, 2020-ci ilin mart ayında startapın əsas ofisi İsveçrənin Lozanna şəhərində təsis edilib.