Azərbaycanın ilk peşəkar FİFA20 liqası tam sürətlə davam etməkdədir.

Offsideplus.az xəbər verir ki, "Gaming League Azerbaijan", Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi çempionatda mövsümün ilk dövrəsinə yekun vurulduqdan sonra bütün böyük idman liqalarında olduğu kimi transfer pəncərəsi həyata keçirilib.

Tam olaraq 48 saat davam edən keçid aralığında rəqiblərinə nisbətən zəif təsir bağışlayan və turnir cədvəlinin aşağı pillələrində yer alan 5 komandada oyunçu dəyişiklikləri baş tutub. Sondan 2-ci sırada qərarlaşan “Shabran Carpets” klubunda Məsut Qulubəylini Suleyman Quluzadə əvəzləyib. İlk 19 tur ərzində İbrahim Cəfərovun rəhbərliyi ilə cəmi 13 xal qazanmağa nail olan “Qazakh Ashiqs” kollektivinin sükanı Vahid Əfəndiyevə tapşırılıb.

Mövsümün birinci yarısını uğursuz keçirən komandalardan “Lankaran Heroes” da yeni kiberidmançı Fərhad Ağayevə həvalə edilib. Oynadığı 19 matçın nəticəsində sadəcə 12-ci pilləyə qədər irəliləməyi bacaran “Quba Tigers” bundan sonra Ramiz Cəfərovun ixtiyarındadır. Liqadan ayrılan daha bir iştirakçı isə Vüsal Ağayevdir. “Khizi Mountains” kollektivi ilə vidalaşan kiberidmançını digər FİFA20 oyunçusu Anar Bədəlov əvəz edəcək.

Liqanın bütün təşkilatçı qurumları həm yarışa yeni qoşulan, həm də ilk turdan mübarizə aparan oyunçulara bol şans və sağlam mübarizə arzulayır.

FİFA20 Milli Liqasının növbəti turları 6-7 mayda keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-a qədər “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.