Qrossmeysterimiz Teymur Rəcəbov və Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçımızın İddiaçılar Turnirində iştirakına dair kompromisli qərara gəliblər.

Offsideplus.az xəbər verir ki, bu barədə qrossmeysterimiz “Instagram”da rusiyalı şahmatçı Sergey Karyakinlə birgə canlı yayım zamanı söhbətləşib.

“FİDE ilə kompromisli qərarın olması mümkündür. Lakin bunu beynəlxalq federasiyanın rəhbəri Arkadi Dvorkoviçin elan etməsi daha düzgün olar. Kompromisli qərar barədə anlayış mövcuddur. Özüm gözləyirəm, bu müstəvidə hərəkət edəcəyik. Düşünürəm ki, hər şey normal olacaq”, - deyə azərbaycanlı şahmatçı bildirib.

T.Rəcəbov hesab edir ki, İddiaçılar Turnirinin ikinci dövrəsi 2020-ci ilin sonundan tez keçirilməyəcək.

“Ehtimal edirəm ki, İddiaçılar Turniri ilin sonundan tez oynanılmayacaq, baxmayaraq ki, FİDE-də, belə başa düşürəm ki, turnirin qalan hissəsini bu yay keçirmək istəyirlər”, - deyə qrossmeyster bildirib.

T.Rəcəbov həmçinin turnirin bərpa edilməsindən sonra tamamilə fərqli bir yarış olacağına əmin olduğunu qeyd edib.

“Aydındır ki, bu, artıq tamamilə başqa turnir olacaq, çünki şahmatçılar artıq başqa formada olacaq. İlk dövrədə uğursuz çıxış edən Din Lijenin birinci yer uğrunda mübarizəyə qoşulması da istisna deyil”, - deyə T.Rəcəbov vurğulayıb.

Sergey Karyakin də T.Rəcəbovla İddiaçılar Turnirinin ikinci hissəsinin sistemi barədə razılaşıb.

“İlk dövrədən sonra Yan Nepomnyaşi və Maksim Vaşye-Laqrav liderlik edir, ancaq İddiaçılar Turnirinin bərpasından sonra onların əvvəlki formalarını və liderliklərini itirəcəkləri istisna deyil. Odur ki, Aleksandr Qrişuk və Fabiano Karuanın da yaxşı şansları var”, - deyə S.Karyakin bildirib.

Canlı yayım zamanı T.Rəcəbov həmçinin Azərbaycan və Rusiya yığmaları arasında onlayn rejimdə yoldaşlıq oyununun keçirilməsini təklif edib və S.Karyakin də buna müsbət reaksiya verib.

Qarşıdan gələn mayın 5-10-da Chess.com platformasında keçiriləcək onlayn-şahmat üzrə Millətlər Kubokuna gəldikdə isə Rəcəbov bildirib ki, dünya yığmasının heyətində birinci lövhədə çıxış edəcək. Bu komandanın heyətində həmçinin FİDE bayrağı altında çıxış edən 16 yaşlı iranlı istedadlı şahmatçı Alirza Firuca oynayacaq. Bundan başqa, komandaya misirli qrossmeyster Bassem Aminin də düşməsi mümkündür.(Sputnik Azərbaycan