Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci turunun növbəti görüşləri baş tutub.

Offsideplus.az xəbər verir ki, Rusiyalı Yan Nepomnyaşi fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq ABŞ şahmatçısı Fabiano Karuana qarşılaşmalarında əsas vaxt heç-heçə başa çatdığından qalibi “armagedon” müəyyən edib. Y. Nepomnyaşi M. Vaşe-Laqrava, F. Karuana L. Dinqə 3:2 hesabı ilə qalib gəliblər. Hər iki qalib “armagedon” səbəbindən turdan 2 xal götürüb. Məğlublar isə eyni səbəbdən 1 xal qazana biliblər.

Hazırda M.Karlsen və F. Karuana 5 xalla öndədirlər. Amerikalı şahmatçı Hikaru Nakamura, M.Vaşe-Laqrav, L.Dinq 4 xala malikdirlər. Y.Nepomnyaşinin 2 xalı var. FIDE bayrağı altında çıxış edən iranlı Əlirza Firuzca və Niderland təmsilçisi Aniş Giri hələ ki, xalsızdırlar.