Məlum olduğu kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə superblits üzrə onlayn Birinci Azərbaycan Kuboku keçirilir.

Turnirin mükafat fondu 15 min manatdır. Bu günlərdə başqa bir şahmat yarışının mükafatları ilə bağlı iddialar dolaşır. Söhbət "Baku Open-2019"dan gedir.

Offsideplus.az saytının əldə etdyi məlumata görə, həmin turnirdən 7 ay keçməsinə baxmayaraq 3 iranlı şahmatçının pul mükafatı hələ də verilməyib. Bunlar Mehdi Qulami (500 dollar), Daneşvar Bərdiya (300 dollar) və Veysi Bərdiyadır (200 dollar). Yarışın əsasnaməsinə görə, 1-15-ci yerləri tutan şahmatçılara mükafat düşür. Adları sadalanan iranlı zəka ustaları isə turnirdə müvafiq olaraq 8, 10 və 12-ci yerləri tutmuşdu.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov saytımıza açıqlamasında bunu təsdiqlədi.
"Doğrudur, İran banklarına sanksiya tətbiq olunduğundan 3 şahmatçı mükafatını ala bilməyib. Biz İran Şahmat Federasiyasına yazdıq ki, pulu köçürə bilərik. Onlar razı olmadılar. Danışdıq ki, oktyabrda keçiriləcək "Naxçıvan Open" turnirində pulları onlara çatdıraq. İranlı şahmatçıların orda iştirakı planlaşdırılır" - federasiya rəsmisi bildirdi.

Qeyd edək ki, "Baku Open-2019"un qalibi 8 xalla Qədir Hüseynov olmuşdu. Turnirin ümumi mükafat fondu 20 min ABŞ dolları idi.