Azərbaycan şahmatında yaranmış qalmaqal böyüməkdədir.

Beynəlxalq qrossmeyster Azər Mirzəyev saytımıza müraciət edərək Naxçıvan Şahmat Federasiyası (NŞF) tərəfindən səbəbsiz olaraq işdən qovulduğunu və Federrasiya rəhbəri Vüqar Səfərovun ona ödənilməli olan maaşın verilmədiyinə etiraz etmişdi. Daha sonra bu ittihamlara NŞF cavab verdi. NŞF-in vitse-prezidenti Emin Hacıyev Azər Mirzəyevə borclarının olmadığını və işinə məsuliyyətsiz yanaşdığı üçün işdən kənarlaşdırıldığını qeyd etmişdi.

Federasiyanın cavabından sonra Azər Mirzəyev yenidən Offsideplus.az-a müraciət etdi. Ötən dəfə söylədiklərinə təkrar edən qrossmeyster NŞF tərəfindən onun maaşının və qaldığı evin kirayə haqqının verilmədiyini qeyd etdi:

“Naxçıvan icra başçısı və Naxçıvan Şahmat Federasiyasının rəhbəri olan Vüqar Səfərov məni işə dəvət edərkən çox gözəl bilirdi ki, aktiv şahmatçıyam, mütəmadi olaraq turnirlərdə iştirak edirəm. Ona görə də mənim Naxçıvanda daimi olmağım mümkün deyildi. Oraya gedəndə isə ən azı iki həftə işləyirdim. Dəfələrlə Culfada dərs dediyimə görə mötəbər turnirlərdən imtina etmişdim”, - deyə Azər Mirzəyev söyləyir.

Azər Mirzəyev Naxçıvan şahmatında müəyyən uğurlar olsa da hazırda vəziyyətin heç də ürəkaçan olmadığını deyir.

“Bir şahmatçıdan başqa hamının beynəlxalq əmsalı çox aşağıdır. Bir sual yaranır, məni "məsuliyyətsiz" adlandıranlar özləri kimdirlər? 3-4 şahmatçıdan özlərinə qalxan ediblər. Cənab Vasif Talıbova yalan məlumatlar verirlər. Bu il hesabat verərkən görək hansı yalan nəticələri hazırlayacaqlar?"