Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirəcək Qran-pri seriyası təsis edib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tamaşaçı və oyunçuların marağını artırmaq üçün nəzərdə tutulmuş turnir yeni formatda keçiriləcək. FIDE sıralamasında ən yaxşı reytinqə malik 20 şahmatçı mübarizəni dayandırma üsulu ilə 4 turnirdən 3-də iştirak edəcək.

Qran-prinin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazancaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək. FIDE əlavə olaraq, 280 min avroluq mükafat fondunu Qran Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

Qran Pri seriyasının tarixləri yanvarın 28-də, yarışların keçiriləcəyi ölkələr isə fevralın 4-də elan olunacaq.