"Mən sabah oyundan öncə Xosep Qvardioladan turu keçmək şanslarını doğrudanmı cəmi 1% faiz olduğunu soruşacağam".

Offsideplus.az xəbər verir ki, bu sözləri Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının play-off mərhələsində "Mançester Siti" ilə matçla bağlı təşkil olunan mətbuat konfransında söyləyib.

Bundan bir gün əvvəl "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola ilk görüşdə uduzduqlarını (2:3) xatırladaraq, növbəti mərhələyə yüksəlmək şanslarının cəmi 1% olduğunu demişdi. K.Ançelotti isə cavab görüşü ərəfəsində cüzi üstünlüyə malik olduqlarını bildirib: "Əslində, Qvardiola belə düşünmür. O hesab edir ki, komandasının böyük şansı var. Eyni zamanda, biz qələbə şansımızın 99% olduğunu zənn etmirik. Sadəcə, bizim cüzi üstünlüyümüz var, buna görə də cavab matçını birincinə oxşar tərzdə aparmağa çalışacağıq".

"Kral klubu"nun baş məşqçisi hakimlik məsələsinə də toxunub. İtaliyalı mütəxəssis ispaniyalı hakimləri tənqid etməyə imkan tapıb: "Mən artıq öz fikrimi bildirmişəm. "Atletiko" və "Osasuna" ilə oyunlarda hakimlərin bəzi qərarları işimizə əngəl törətdi. Yaşananları hələ də anlaya bilmirik. Avrokuboklarda hakimlik yaxşıdırmı? Bəli. Bu yarışlara öz ölkəsinin ən yaxşı hakimləri təyinat aldığından işin keyfiyyəti yüksəkdir. Mübahisəli məqamlar az olur. VAR sisteminə isə ancaq lazım gəldiyi təqdirdə müdaxilə edilir".