Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransada keçirilən PSJ - "Başakşehir" oyununda yaşanan xoşagəlməz hadisəyə biganə qalmayıb.
Offsideplus.az xəbər verir ki, şəxsi Tvitter hesabında paylaşım edən dövlət başçısı görüşün rumıniyalı dördüncü hakimi Sebastian Koltseskunun "Başakşehir"in məşqçisi Pyer Veboya qarşı irqçi ifadə işlətməsini pisləyib:
"Təmsilçimiz "Başakşehir"in texniki heyətindən Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram. İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq. #İrqçiliyə yox".
Xatırladaq ki, Veboya qarşı irqçiliyə baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan məşqçiyə qırmızı vərəqə də göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib və oyun yarımçıq dayandırılıb. Qarşılaşma bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək. UEFA matçın hakimini dəyişdirib.