"Bu gün futbol elədir ki, ani diqqətsizlikdə rəqib səni cəzalandırır. Biz əlimizdən düşən imkanlardan istifadə edə bilsəydik, hər şey fərqli olardı. Amma bu futboldur. Başımızı dik saxlamalı və irəli baxmalıyıq".
Bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk görüşdə (2:1) son dəqiqələrdə buraxılan qol ani diqqətsizlikdən olub: "Bizim qol epizodlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Rəqib isə yararlandı. Məğlub olmağı da bacarmaq lazımdır. Rəqibi də təbrik edirəm.
Oyunçu deyib ki, məşqçi futbolçuların hamısına eyni gözlə baxır: "Məyusuq. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Görüşdə çoxlu azarkeş var idi. Onlar bu gün çox möhtəşəm idi. Əlimizdə imkan var ki, Avropa Liqasının qrup mərhələsində çıxış edək. Ümid edirəm ki, "Neftçi" Avropa Liqasında qələbə qazanacaq və Azərbaycanı iki komanda qrup mərhələsində təmsil edəcək".
Almeyda növbəti oyunlara köklənməyin psixoloji cəhətdən çətin olmayacağını vurğulayıb: "Bizim çox təcrübəli baş məşqçimiz var. O, vəziyyəti dəyişməyi bacarır. Heyətdə də təcrübəli oyunçular kifayət qədərdir. Bu bizim ilk məğlubiyyətimiz deyil. Ötən il BATE-yə uduzandan sonra toparlandıq və qrup mərhələsinə düşdük. Kişi olmaq və məğlubiyyəti bacarmaq lazımdır. Bunların öhtəsindən gəlməliyik.
Azərbaycan millisinin də formasını geyinən futbolçu "Qarabağ"ın öz oyun üslübu olduğunu diqqətə çatdırıb: "Çatışmayan cəhətimiz o idi ki, qol vura bilmədik".