Yenə "Qarabağ", yenə avrokuboklar (oxu: Çempionlar Liqası) və yenə təmsilçimizə qarşı müəmmalı hakim qərarları...

 Ağdam təmsilçisi ötən gecə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə İsveçrə "Sürix"ini yolundan kənarlaşdıraraq adını növbəti raunda yazdırdı. Lakin bu qələbə "atlılar" üçün heç də asan başa gəlmədi. Görüşün baş hakimi Allard Lindhout matçın əsas vaxtına 7 dəqiqə artırmışdı. Ki, həmin dəqiqələr ərzində isveçrəlilər güc-bəla ilə qol (2:1) vurdular. Bununla da, cütün taleyinin həll olunması üçün əlavə 30 dəqiqəyə ehtiyac duyuldu.

"Qarabağ" isə məsələni ilk 15 dəqiqədə bitirdi. Kvabena Ovusunun qolu ilə ümumi hesabda 5:4 önə keçən Ağdam təmsilçisi növbəti mərhələyə adlamağın sevincini yaşadı. Baş hakimin səhvləri isə yəqin ki, bir müddət müzakirə mövzusu olacaq. Elə məqamlar oldu ki, sanki Lindhout karyerası ərzində fiti ilk dəfə məhz bu matçda əlinə almışdı.

Xülasə, niderlandlı referinin müəmmalı qərarlarını, ümumiyyətlə, dünənki matçdakı idarəçiliyinə şərh verməsi üçün Azərbaycanın tanınmış beynəlxalq dərəcəli hakimi Tahir Süleymanova müraciət etdik. O, Offsideplus.az-a açıqlamasında qarşılaşmaya belə bir referinin təyinatının təsadüfi deyil, tapşırıq əsnasında növbəti "şans" olduğunu bildirdi:

"Qarabağ" artıq Avropada özünəməxsus çəkiyə malikdir. Polşa çempionu ilə matçarda UEFA "böyük 5-lik ölkələrinin" hakimlərinə müraciət etmişdi. İlk mərhələdə səfər və ev qarşılaşmaları idarəçilik baxımından heç bir problem yaratmadı. Əksinə, "Qarabağ"ın nüfuzu, çəkisi üstün gəldi.

"Sürix" İsveçrə təmsilçisidir. Bu ölkə klubları, azarkeşləri heç vaxt problem yaratmasa da, FİFA, UEFA hər zaman özlərini sığortalayırlar. Beynəlxalq futbol qurumları İsveçrə qanunları ilə fəaliyyət göstərir və heç vaxt problem yaşamaq istəmirlər. "Lex"lə oyunlardan sonra mətbuata açıqlamalarda öncədən belə olacağını bildirmişdik. Artıq hakimlərin Bakı təyinatında bu özünü biruzə verdi, "Sürix" ofsayddan qol vuraraq cavab qarşılaşmasına əlavə şans qazandı.
Səfər görüşündə aparıcı futbol ölkələrindən biri, Niderlandan olan hakimlər briqadasının göndərilməsi aldadıcıdır. Baş hakim cavan olsa da, artıq uzun illərdi FİFA referisidir, Avropada önəmli çəkiyə malik deyil, karyerası ərzində çox da ciddi beynəlxalq oyunları idarə etməyib. Barış Şimşekin təqdimatı kimi, digər hakimlərin hesabına "turist" səfərlərində daha çox olub.  "Sürix"in oyununa belə bir referinin təyinatı təsadüfi deyil, tapşırıq əsnasında növbəti "şansdır". 

Təcrübəli mütəxəssis "Qarabağ"ın belə vəziyyətlərdə illərdir sürən avrokubok təcrübəsinə dayandığını və "tələyə" düşmədiyini söylədi:

"Görüşün ilk hissəsi "plan" üzrə cərəyan edirdi və baş hakimin üzərinə böyük yük düşmürdü. İstədikləri qol tez vurulmuş, isveçrəlilər önə çıxmışdı. Matç da korrekt keçirdi, rəqib futbolçular ikili mübarizələrdə sərt, kobud oyuna üstünlük vermirdilər. 

Meydanda taktiki mövqe savaşı gedirdi, bu amil refetinin işini asanlaşdırırdı. İkinci yarıda vəziyyət dəyişdi. "Qarabağ" daha aktiv, sürətli oynamağa başladı, cavab topundan sonra hakim niyyəti tam olaraq üzə çıxdı. Referi "Sürix"dən daha çox "qalib" gəlmək istəyirdi. Kadini sarıyla "tutandan" sonra, təmkinli Qurban Qurbanov da dözmədi. Əsas etirazı futbolçusunun növbəti oyunu buraxacağı narahatlığı idi. Belə hakim idarəçiliyi ilə hələ mərhələni keçmək lazım idi. Epizodlar üzərində ayrı-ayrılıqda dayanmayaq, xırdalı-böyüklü bir deyil, iki deyil. İllərdi "Qarabağ"ın Avropa təcrübəsi futbolçuların özündən çıxmasına, "tələyə" düşüb qırmızı, penaltilərlə cəzalandırılmasına imkan vermədi. Artırılmış dəqiqələrdə "Sürix"-referi tandeminin əməyi sayəsində 90 dəqiqənin qələbə topu vuruldu. "Qarabağ" rəqibin, tribunaların, hakimlərin təzyiqindən sarsılmadı, əlavə 30 dəqiqəni elə oynadı ki, mərhələ keçidini Ovusunun qolu ilə təmin etdi. Referi də özünü "doğrultdu", "Sürix"ə şəhər kənarından keçən avtobanı adlayıb UEFA iqamətgahında şikayət etməyə imkan yaratmadı. Bu cür birtərəfli hakim idarəçiliyi ilə isveçrəlilər mərhələ keçmədilərsə, özlərini günahlandırsınlar. 

"Qarabağ" əzmkar oyunu, qalib ruhuyla minimum vəzifəni yerinə yetirdi, qrupu təmin edərək Çempionlar Liqasında yoluna davam dedi. Niderlandlı referinin əməlləri isə növbəti oyunda da özünü göstərəcək. "Qarabağ"ın zədəli futbolçularıilə yanaşı cəzalı duruma düşmüş Kadi böyük itkidir. Almeyda kimi futbolçunun da yoxluğu heyət, rotasiya baxımından baş məşqçinin hazırlığını çətinləşdirəcək. Növbəti oyunlarda "Qarabağ"a uğurlar və ədalətli, obyektiv hakim idarəçiliyi arzu edirəm".

Daşqın Əziz