Çempionlar Liqasının I təsnifat mərhələsi üzrə "Neftçi" və "Dinamo" arasında baş tutacaq cavab oyunundan öncə açıq məşq və mətbuat konfransı keçirilib.
Offsideplus.az xəbər verir ki, bu gün saat 19:30-da “Bakcell Arena”da rəqib komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı baş tutub. O, ilk öncə fikirlərini bölüşüb:
"İlk oyun əlbəttə ki, çox maraqlı və çətin idi. Əminəm ki, sabahkı oyundan da həzz alacaqsınız. Əminliklə deyə bilərəm ki, sabahkı oyun keçən dəfəkindən çətin olacaq. Çünki rəqiblər bir-birinin zəif cəhətlərini gördü. Sabahkı oyunda bu zəif tərəflərdən istifadə olunacaq və bu, oyunu daha çətin vəziyyətə gətirəcək".
53 yaşlı mütəxəssis Bakı şəhəri və 2:1 hesabı ilə başa çatan ilk oyundan danışıb: "Sözsüz ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Amma bu 6 ildə ən çox dəyişən şey Bakının daha da böyüməsidir. İlk oyun 2:1 hesabı ilə bitdi. Amma deyə bilmərəm ki, "Neftçi" bizdən daha güclü komandadı. Nəzərə alsaq ki, 8 zərbə vuruldu və həmin zərbələrdən 7-sini "Neftçi" dəf etdi. Bundan əlavə, komandamız 2 böyük səhvə yol verdi. Əminliklə deyə bilərəm ki, sabahkı oyunda buna yol verməyəcəyik. Bu oyun daha gərgin keçəcək".
Tsxadadze səfər qolunun ləğvi barədə sualı belə cavablandırıb: "Səfər qolunun ləğvi bizim üçün problem deyil. Qələbə qazanmağa ümidimiz var. Biz demirik ki, "Neftçi" zəif komandadır, güclü oyunçuları var. Bizim komandamızın məğlubiyyəti "Neftçi"nin güclü olmağından yox, müdafiə xəttimizdəki səhvlərə görə idi. Bu səhvləri nəzərə almışıq, çalışacayıq ki, sabahkı oyunda bu səhvlər buraxılmasın".
Mütəxəssis matçın keçiriləcəyi "Bakcell Arena" stadionu ilə bağlı fikirlərini bölüşüb: "Bakcell Arena"ya çox azarkeş yerləşməsə də, bura sırf futbol üçün nəzərdə tutulub. Çox stadionda olmuşam. Amma beləsini görməmişəm. Deyə bilərəm ki, çox gözəl stadiondur. Arena binaların arasında yerləşdiyindən futbolçular oyun getdiyi zaman özlərini evlərindəki kimi hiss edir".