"Sheki City" yeni mövsümün hazırlıqlarına start verməyib. Komandanın planlarını, görüləcək işləri öyrənmək üçün klubun prezidenti Elgün Hüseynovla əlaqə saxladıq.

II Liqa təmsilçisinin rəhbəri Offsideplus.az-a açıqlamasında heyətin yenidən formalaşdırılacağını dedi:

"Yeni mövsümün hazırlıqlarına iyulun 20-dən sonra başlayacağıq. Hazırda Şəkidə çempionat keçirilir. Bizim üçün bu yarış seleksiya xarakterlidir. Turnirdə iştirak edən komandalardan xahiş etmişik ki, daha çox gənclərə şans versinlər. Məqsədimiz potensiallı futbolçuları "Sheki City"ə cəlb etməkdir. Çalışacağıq ki, komandamızda daha çox şəkili oyunçular çıxış etsin. Yeni mövsüm üçün iddialı olacağımızı deyə bilmərəm. Sıralarımızı tərk edən futbolçular çoxdur.  Demək olar ki, ötən ilki heyətdən 3-4 oyunçu qalacaq. Bu il yetərincə təcrübə qazandıq. Başa düşdük ki, yetirmən olmadan qazandığın uğur saxtadır. Həmçinin bizim sponsorumuz da yoxdur ki, kənardan futbolçular transfer edək. Yerli oyunçularımız nə qədər çox olsa, bir o qədər inkişaf olar".

Baş məşqçi məsələsinə aydınlıq gətirən klub rəsmisi Firuddin Mövsümovla yollarına davam edəcəklərini söylədi:

"Qeyd etdiyim kimi, heyətimizin əsasını şəkili oyunçular təşkil edəcək. Onlar da regionumuzda futbolun inkişafı üçün əllərindən gələni edəcəklər. Eyni amal uğrunda çalışacağıq. Ola bilər ki, məşqçimiz dəyişməsin və Firuddin Mövsümovla yolumuza davam edək. Maliyyə imkanlarımızı yaxşılaşdırmaq üçün daha çox azarkeşin stadiona cəlb edilməsinə çalışacağıq. Bundan başqa, müxtəlif aksiyalar keçirəcəyik. Stadionun da vəziyyətini yaxşı saxlamağa çalışırıq. Şəxsi büdcəmiz hesabına bəzi işlər görürük. Amma tribunalar və ot örtüyü barədə hər hansı yenilik yoxdur".