Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət millisi Serbiyanın Novi Sad şəhərində keçirilən qitə birinciliyində çempion olub. Komandamız 160 xalla Ermənistan və Türkiyəni qabaqlayıb. 

Yığmanın böyük məşqçisi Əsgərxan Novruzov Offsideplus.az-a açıqlamasında güləşçilərimizin çıxışını qiymətləndirdi:

"Turnirə yaxşı hazırlaşmışdıq. 2022-ci ildə komanda hesabında Avropa çempionu olduq. Ötən il bu uğuru təkrarlamaq istəsək də, alınmadı. İdmandır, hər şey istədiyin kimi olmur. Geridə qalan qitə birinciliyinə əzmlə hazırlaşırdıq. Çünki keçən il komanda hesabında ermənilər bizdən daha çox xal taplamışdı. Yarışın ilk günüdə həm biz, həmçinin Gürcüstan və Ermənistan yaxşı nəticə göstərdi. Şükürlər olsun ki, növbəti günlərdə daha uğurlu çıxış etdik və bütün rəqiblərimizi qabaqladıq. Bununla belə, nəticədən narazıyam. Qarşıdan Dünya Çempionatı gəlir, ən yaxşı nəticəmizi göstərməyə çalışacağıq. Düzdür, bu Avropa Çempionatı kimi asan olmayacaq, lakin bizim də gücümüz hamıya bəllidir. ABŞ, İran kimi güclü rəqiblərimiz var. İnanıram ki, komanda hesabında ilk 3 yerdən birini tutacağıq".

Mütəxəssis pəhləvanlarımızın yarışlara xüsusi motivasiya ilə hazırlaşdığını qeyd etdi:

"Yarışlara xüsusi motivasiya ilə hazırlaşırıq. Yetirmələrimizə bir çox şeyləri aşılamağa çalışıram. İdmançını yarışa psixoloji cəhətdən tam hazır etməlisən. Ola bilər ki, fiziki cəhətdən güclü olsunlar, amma güləşçinin motivasiyası yoxdursa, çıxıb məğlub ola bilər. Belə hallar az olmayıb. Qeyd edim ki, bizim pəhləvanlarımız ermənilərlə görüşə xüsusi hazırlaşırlar. İlk dəfə idi ki, 5 erməninin hər birinə böyük xal fərqi ilə qalib gəlirdik. Ermənilər Dünya Çempionatında komanda hesabında yüksək pillələrdə yer tuta bilmirlər. Lakin Azərbaycan isə hər zaman ön pillələrdə qərarlaşıb".