Trendyol Super Liqasında çempionluq uğrunda mübarizəsini davam etdirən “Fənərbağça” transfer çalışmalarına da sürətlə davam edir.

Offsideplus.az xəbər verir ki, son olaraq “Qalatasaray”la 0:0 hesablı heç-heçə edən İstanbul klubu yay transfer dönəmi üçün heyətini gücləndirmək istiqamətində ciddi addımlar atır.

İtaliyanın mətbuatının yaydığı məlumata görə, komandanın baş məşqçisi Joze Mourinyo gələn mövsüm müqaviləsi başa çatan Edin Dzekonun yerinə yeni hücumçu transfer etmək istəyir. Portuqaliyalı mütəxəssisin əsas hədəflərindən biri “Yuventus”un serbiyalı hücumçusu Dusan Vlahoviç olub. Lakin iddialara görə, 24 yaşlı forvard “Fənərbağça”nın təklifini qəbul etməyib.

Vlahoviçin İtaliyada qalmaq istədiyi və Avropanın ən yüksək səviyyəli liqalarında çıxışını davam etdirmək niyyətində olduğu bildirilir. “Yuventus”un da hücumçusunu yalnız yüksək məbləğ qarşılığında satmağa razı olacağı ehtimal edilir. “Fənərbağça”nın bu transfer cəhdindən sonra yeni alternativlər üzərində çalışdığı vurğulanır.